Hər ilməsi zəhmətə bağlı ömür  

11:37 18.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Onun haqqında yazmaq mənim üçün olduqca asandır, çünki tanıyıram, həm də illərdir tanıyıram.

Dörd qardaşın tək bacısıdır. Canından artıq sevdiyi,b bu gün də adı çəkiləndə göz yaşına boğulduğu anası Şərqiyyənin yadigarları olan qardaşlarına, sözün həqiqi mənasında, anadır. MaşAllah, ürəkdən, sevgi ilə “bibi” deyib üstünə qanad açan neçə-neçə qardaşoğlusu, qardaşqızısı var. Birinin başı ağrısa, ürəyi yanar, dinclik tapmaz. Xeyir işlərində necə öndə olarsa, narahat, kədərli çağlarında da yanlarında yer alar sevdiklərinin.

...Dostluğu da gözəldir. Heç çəkinmədən ona hər dərdini danışa bilərsən. Dinləməklə qalmayacaq, edəcəyi köməyin variantlarını təqdim edəcək. O qədər diqqətli olacaq ki, bir də baxıb görəcəksən ki, səni elə ən az sənin özün qədər tanıyır.

Tanıyanlar gözəl avazının da olduğunu bilirlər. Sevdiyi bir mahnını zümzümə edəndə eşidərsənsə, ləzzət alarsan, yaxud da bir sevdiyinin ayrılığı ilə yanan ürəyinin sızıltısını söylədiyi oxşamaların insanın varlığını titrədən yanıqlı səsi səni səndən alıb aparar...

Onun haqqında yazmağın çətinliyi, narahatlığı da var. Bu narahatlıq isə “Birdən xoşuna gəlmədi” ilə bağlıdır.

Təqdimatım uzun çəkir, bilirəm, oxucunun artıq hövsələsinin daraldığının fərqindəyəm. “Nəhayət, kimdir bu insan?” sualını da eşitmiş kimi oluram. Elə isə buyurun.

Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən şəhər Yaradıcılıq Evinin direktoru Zöhrə Adgözəlova haqqında qələmə aldığım yazının mabədi.

Yevlağın Nemətabad kəndində anadan olub Zöhrə xanım. Elə orada, kənd məktəbində də ilk təhsilini alıb. Körpəlikdən ədəbiyyat, şeir, incəsənət həvəsli olub. Odur ki, əvvəl oxuduğu məktəbdə, yaşadığı kənddə tədbirlərdə boy göstərib, çıxışları ilə tanınıb, sonra rayon mərkəzində düzənlənən müxtəlif səviyyəli tədbirlərdə istedadı, bacarığı ilə diqqət çəkib. Zamanla həyatını Yevlax mədəniyyəti ilə bağlayıb. Qarşısına 4 qardaşın qadağaları sədd olub, bu üzdən çətinliklər yaşayıb, amma az müddətdə hər kəsin, bütün anlamlarda inamını, etibarını qazanıb və yola davam edib.

İncəsənətə sonsuz sevgisi ilə öyrənməkdən, özünü inkişaf etdirməkdən heç zaman yorulmayıb. Tək-tək axtarıb tapdığı istedadlı uşaqları bir yerə cəm edərək musiqi kollektivi yaradıb. Yevlaxda Kukla Xalq Teatrının yaradıcısı və rejissorudur. Hazırladığı, quruluş verdiyi maraqlı tamaşaların seyrçisi tək Yevlax məktəbliləri olmur, kollektivlə birgə qonşu rayonlara da səfərlər edir.

Yaradıcılıq evi nəzdindəki B.Səfəroğlu adına Xalq Teatrına, “Ocaq” Ədəbi Birliyinə də rəhbərlik edir Zöhrə xanım, həm də bu işləri bacarıqla görür. Teatr hər mövsüm yeni tamaşa ilə yevlaxlıların görüşünə gəlir. ”Ocaq”ın məclisləri də şeirdən, musiqidən zövq almağın əsl məkanı olur.

Onun Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Yevlax rayon komitəsinin sədri kimi də fəaliyyəti haqqında ürəkdolusu danışmaq olar. Daim həmkarlarının yanında olan, onların rastlaşdıqları problemlərin həlli üçün səy göstərən, pozulan büquqları uğrunda çalışan Zöhrə xanımı komitənin üzvləri öz aralarında zarafatla “Fəhlənin atası”m adlandırırlar.

Onun yaxşı işi həmişə dəyərini alıb. “Teatr baharı-78” Ümumittifaq Festivalının laureatı olub, Yevlax Şəhər İcra Hakimiyyəti, YAP rayon təşkilatı, Mədəniyyət Nazirliyi, Mədəniyyət İşçiləri Respublika Komitəsi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən döş nişanına, fəxri fərmanlara, diplomları layiq görülüb.

2012-ci ildə isə mədəniyyət sahəsindəki fəaliyyətinə görə ölkə Prezidentinin sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Zöhrə xanımın fəaliyyəti barədə ayrı-ayrı vaxtlarda müxtəlif mətbu orqanlarda, o cümlədən bizim “Kür” qəzetində yazılar gedib. Niyə məhz indi onun haqqında bu qədər geniş söz açdıq, portretini yaratmağa çalışdıq?  2021-ci il təqviminin may ayı Zöhrə xanımın yubiley yaşını göstərir. O isə yubileyinin geniş şəkildə keçirilməsinə qarşıdır. Səbəbsə, qardaşı oğlu Faiq Adgözəlovun İkinci Qarabağ Müharibəsində şəhid olmasıdır. Sevdiyi Faiqin yoxluğunu heç cür qəbul edə bilmir...

Çalışdım ki, onun yubileyinin bir yazı qələmə almaqla səssiz-ünsüz, adi keçməyə qoymayım. 43 illik fasiləsiz fəaliyyəti, nümunəvi işi bir də belə dəyərini alsın. Necə bir yazı alındığını oxucu söyləyə bilər, amma mən bəzəksiz-düzəksiz, içdən gələn bir səmimiyyətlə olanları deməyə çalışdığıma əminəm. Özünün xoşuna gəldiyi təqdirdə isə, qoy bu da mənim və çalışdığım qəzet kollektivinin Zöhrə Adgözəlovaya yubiley hədiyyəsi olsun!

Sağlıqlı və rahatlıq dolu uzun ömür, bol yaradıcılıq uğuru diləyilə

Xanım NƏSİBOVA